Bizi ilhamlandıranlar: Arzu Quliyeva
-
Dastan gəlməzdən əvvəl nə işlə məşğul idiniz? Harda oxumusunuz?
– 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq ixtisasını bitirmişəm. Sənətşünaslıq bir qədər az seçilən və digər ixtisaslardan fərqlənən sahədir. Bura adətən ya az bal toplayanlar ya da həqiqətən sənərsevərlər qəbul olurdu. Mən isə maraqla seçmişdim bu ixtisası və zamanla daha yaxşı anladım ki, yanılmamışam. İşinizdən həyatınızın gedişi asılıdır. Və bu seçim mühümdür. Artıq 3 ildir ki, iş fəaliyyətim İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsilə bağlıdır. Burada bələdçi, mütəxəssis kimi fəaliyyət göstərmişəm. 2018-ci ilin Avqust ayından etibarən isə Baş əməliyyatçı kimi İçərişəhər ənənəvi İncəsənət Mərkəzində çalışıram.
-
Dastanın top məhsulları kimi nələri seçərdiniz?
– Əslində hər bir məhsulun öz yeri və xüsusiyyəti var mənim üçün. Hər halda sahələr üzrə desəm daha yaxşı izah olunar. Taxta sahəsində şahmat və nərd mənim üçün favoritdir. Nədənsə bu məhsulların xüsusi bir əzəməti var mənim üçün. Əlbəttə libasları tamamlayan zinət əşyaları və əlvan kəlağayıları da unutmaq olmaz. Keramika sahəsində isə hər qadının dostu olan güzgülər sevdiyim məhsullardandır.
Fərdi olaraq favoritlərimi qeyd etdim lakin ümumi alıcı kütləsi üçün bu sözü demək düz olmaz. Hətta biz ən çox satılan məhsulların statistikasını belə izləyərkən burada mütəmadi olaraq fərqliliklərə rast gəlirik. Çünki Dastan məhsulları hər hansı adi suvenir yaxud qəlibləşmiş formalardan ibarət deyil. Hər bir məhsulun fərdiliyi onu xüsusi və fərqlənən edir.Buna görə də Dastanda müxtəlif zövqlərə xitab edən, hər kəsin görən kimi özünə aid nələrisə kəşf edəcəyi və seçəcəyi məhsul var. Sadəcə bir dəfə mərkəzə gəlmək, məhsullara öz əməyini və zövqünü qatan insanları canlı müşahidə etmək və sonra özünüzə aid ola biləcək, təkrarolunmaz məhsulu seçmək kifayətdir.
-
Bakının ən ilhamlandırıcı məkanı haradır sizin üçün?
– İçərişəhərin istənilən abidəsindən olan maraqlı şəhər mənzərəsi mənim üçün ilhamlandırıcı məkandır. Çünki bu zirvələrdə tarixin bir nöqtəsindən, məsələn, XII əsrə aid Şirvanşahlar Sarayının pəncərələrindən müasir, işıqlı, günəşli Bakıya və Xəzərə açılan mənzərə var. Həmçinin, tarixi əfsanənin parçası olan Qız Qalası… Onun nə son mərtəbəsindən Bakımızı seyr edərkən özünüzü dünənlə bu gün arasında, bir zaman axarında hiss edirsiniz. Məhz bu cür energetik məkanlar günümüzün səs-küylü şəhərində insana bir daxili rahatlıq və sükut gətirir.
Bizə öz həyatınızdan sənətinizlə bağlı kiçik bir dastan danışın ki, başqalarını ilhamlandırsın – gündəlik həyatımızda yaxınlarımıza və sevdiklərimizə hədiyyə etmək hamımız üçün vacib məqamlardandır deyə bilərik. Çünki hədiyyə seçimi elə bir mühüm məsələdir ki, burada necə deyərlər yüz ölçüb, bir biçmək lazımdır. Dastandan seçilən hədiyyələr təbii ki, özəldir. Amma hər kəsin bu özəl olan hədiyyələri daha da xüsusiləşdirmək imkanı var. Belə ki, mərkəzimizdə hər sahə üzrə master-klasslar keçirilir. İstənilən vətəndaş və ya xarici qonaq kurslara və master-klasslara qatılaraq dizaynerlərin müşayiətilə seçdikləri məhsulları özləri hazırlaya bilərlər. Təsəvvür edin, hər hansı bir aksessuar, hədiyyə olunan şəxsin mütəmadi olaraq bəzək əşyası kimi üzərində daşıya biləcəyi məhsuldur. Bir zinət əşyasını hazırlamaqla, istifadə etdiyiniz materiala öz zəhmətinizi, zamanınızı və ən əsası da qarşı tərəfə olan hisslərinizi qatmaqla artıq bu hədiyyəni xüsusi edə bilərsiniz. Yaxud xüsusi günlərdə istifadə olunacaq keramik məhsullar, qida üçün yararlı boşqablar, zərif xanımlara daha da zərafət qatan kəlağayılar və daha nələr nələr… Bütün bu hədiyyələr sizin əl əməyinizlə düzələrsə, verəcəyiniz hədiyyə uzun illər yaddaşlardan silinməyəcək. Və öz əsas məqsədinə çataraq, qarşı tərəfin gündəlik həyatında istifadə edəcəyi, istifadə etdikcə sizi xatırlayacağı vasitə olacaq…
-
Dastan brendini gələcək kolleksiyasını məhz siz fikirləşməli olsaydınız hansı mövzunu seçərdiniz?
– Əslində bu bir qədər çətin sualdır. Çünki Dastan brendi çox uğurlu başlanğıc və bir-birini təkrarlamayan kolleksiyalar ilə tanınıb. Bunlardan ilki İçərişəhərin möhtəşəm saray kompleksi olan Şirvanşahlar Sarayına həsr olunub. İkincisi, Azərbaycanın ayrılmaz guşəsi Qarabağa. Üçüncü kolleksiya isə rəngarəngliyi və müxtəlifliyi ilə fərqlənən sənətkarlıq paytaxtı Şəkiyə. Hazırda naxçıvan kolleksiyasının hazırlıq prosesi gedir. Bütün bu kolleksiyalar bir-birini təkrarlamayan gözalıcı məhsullarla zəngindir. Düşünürəm ki, mən Abşeron torpağına dair zərif elementləri, zəfəran çiçəklərini, qızıl qumu, bölgənin flora və faunasını özündə əks etdirən maraqlı əsərləri görməyi çox istəyərdim…
-
Bu günə kimi Dastanda keçən ən maraqlı tədbir kimi nəyi adlandıra bilərsiniz?
– Hesab edirəm ki, kolleksiyaların təqdimatı Dastanın ‘ən’-lərindən sayıla bilər. Çünki bu elə bir tədbirdir ki, aylarla, gecə-gündüz çalışan, gözünün nurunu və əlinin zəhmətini hazırladığı məhsullara qoyan insanlarla həm tanış ola bilərsiniz, həm də bu məşəqqətli əməyin nəticəsindən zövq ala bilərsiniz.
-
Qonaqlar sizə gələrkən nəyə ən çox üstünlük verirlər? Hansı əşyalara?
– Ümumilikdə yerli və əcnəbi qonaqların ən çox marağına səbəb olan təkcə məhsulların növü və formaı yox, həm də bədii tərtibatıdır. Belə ki, bədii tərtibatda istifadə olunan bütün elementlərin tarixin süzgəcindən keçib günümüzə çatmış dəyərli mədəni irs nümunələridir. Bu motivlər və naxışlar, ornamentlər görən hər kəsi öz tarixçəsi ilə yüz il, min il əvvələ aparır. İnsanları düşündürür. Bir xalqın, millətin tarixi, onun mədəniyyəti və bu günə bu mədəniyyəti çatdırmış dəyərlərini və dəyərlilərini düşünməyə vadar edir… Məncə insanları cəlb edən də budur.
Bütün sənətkarlıq məhsullarına maraq var. İstənilən yeni məhsul bir müddət sonra artıq öz alıcısını tapır.
-
Brendi tanıtmaq üçün hansı yollar daha yaxşıdır sosial media olmasa?
– Dastanı tanımaq və görmək üçün əslində Bakının tarixi məkanında yerləşən Mərkəzimizə gəlmək yetərlidir. Elə buna görədir ki, bizim qapılarımız hər zaman qonaqlara açıqdır. İstənilən qonaq yaxud xarici vətəndaş dilədiyi zaman mərkəzimizi ziyarət edə, burada gedən iş prosesi ilə tanış ola bilər. ‘Klassik’ metodla gəzintiyə çıxmaq və bizə baş çəkmək bəs edər. Ümumiyyətlə hesab edirəm ki, Dastan kimi bir brendi sosial mediadan izləmək sanki onun ruhunu və canlılığını ötürmür. Gəlib görmək lazımdır. Kəlağayını almadan öncə onun hazırlandığı ipəyə toxunmaq, boşqabın düzəldildiyi gilin necə emal edildiyini və gümüş şəbəkələrin yığılmasını görmək, təbii ağac ətrini duymaq lazımdır. Yalnız bu halda siz aldığınız məhsula adi əşya kimi baxmayacaqsınız. O sizin nəzərinizdə ona sərf olunan insan əməyini, sənətkar zəhmətini tərənnüm edən simvola çevriləcək.
-
Ən sevimli yazıçı və rəssamınız kimdir?
– Hüseyn Cavid və William Blake. Hər ikisinin əsərlərində həyatın ən önəmli anları əbədiləşdirilib. Hər ikisinin əsərlərində həm romantika, həm azadlıq, həm əsarət, həm də reallıq var.
-
Klub üzvlərinə bir məsləhət və ya arzu edəcəyiniz nələrdir?
– Yalnız Klub üzvlərinə yox, əslində bu xoş fürsətdən istifadə edərək bütün oxucularınıza demək istərdim ki, uğurlu və gözəl həyat üçün 3 əsas nüansı hər zaman prioritet kimi saxlasınlar; arzulamaq, inanmaq və ümid etmək. Bəlkə yaşım və təcrübəm etibarilə bu cavab qəribə səslənə bilər. Lakin istər kariyeramla bağlı, istərsə də həyatın müxtəlif anlarında qarşılaşdığım bütün çətinliklərdə və həlledici məqamlarda daim bu 3 məsələ mənim üçün istiqaməti müəyyən edəcək göstəricilərdir.
Əgər insan arzulaya bilirsə, nəyisə istəməyi bacarırsa demək artıq yolun bir qismini keçib. Əldə etmək üçün, öncə istəmək və arzu etmək lazımdır. Ürəyində arzuları tükənən insanlar zənnimcə, çox şey itirib.
İnanmaq vacibdir. Bizi diri tutan, yəni ayaq üstə saxlayan inamdır. Doğru yolda olduğunuza inanırsınızsa, qarşınızda heç bir mane dayana bilməz. Hərəkətə keçin və inandıqlarınızın ardınca gedin.
Ümid isə həyatın şah damarıdır deyə bilərəm. Ümid ölmür, ölsə də ən sonda ölür. 3 il öncə eşitdiyim bu söz həyatımın axarını dəyişdi. Və inanıram ki, bu gün bu məqaləni oxuyan birilərinə bu sözlər istiqamə verici olacaq. Ümidlərini hər zaman qoruyun.